• Qeydiyyat

Çəltik nədir?

Çəltik nədir və əhəmiyyəti nədədir?

soruşub 14 Fevral - anonim Bitki bölməsində

1 Cavab

0 интересует 0 не интересует

Yer üzərində yaşayan əhalinin təqribən yarısı çəltik (düyü) ilə qidalanır. Əkin sahəsinə görə çəltik bütün kənd təsərrüfatı bitkiləri içərisində buğdadan sonra ikinci yeri tutur. Düyü insan orqanizmi üçün zəruri olan qida maddələri ilə zəngindir. Belə ki, düyünün tərkibində 12,2% su, 6,4% azotlu maddələr, 2,1% yağlar, 69,3% azotsuz ekstrativ maddələr, 6,5% oduncaq və 3,5% kül vardır. Göründüyü kimi, düyü nişasta ilə zəngindir, zülalı isə azdır. 

Düyünün dənindən ən çox yarma hazırlanır. Bu yarma yaxşı qidalı, dadlı, müalicəvi pəhriz keyfiyyətli, asan həzm olunan və mədə tərəfindən yaxşı mənimsəniləndir. Düyünün sortundan, formasından irili-xırdalılığından asılı olaraq onun emalı vaxtı müxtəlif yarma növləri alınır. Onlar özlərinin spesifik formaları ilə səciyyələnirlər. Düyü yarmasından müxtəlif qida məmulatı, epidermisindən (özəyindən) isə vitaminlər alınır, müalicə məqsədi üçün ondan müxtəlif preparatlar hazırlanır. Düyüdən alınan texniki yağlardan sabunbişirmədə və şam istehsalında istifadə olunur. 

Nadir hallarda düyüdən un alınması üçün istifadə edilir, bu un heyvanlar üçün qarışıq yemlər hazırlanmasında, habelə fitin istehsalı sənayesində işlədilir. Düyü müəyyən miqdarda nişasta, düyü pudrası, spirt, pivə almaq üçün də istifadə edilir. Düyünün yarma və un emalı zamanı yaranmış tullantıları heyvanların yemləndirilməsində mühüm rol oynayır. Çəltiyin samanı heyvanların yemləndirilməsində həmçinin cımıx və kökümeyvəlilərlə qarışdırılaraq qış aylarında otun əvəzinə istifadə olunur, bəzən də bu samandan silos hazırlanmasında istifadə edilir. Nəhayət, çəltiyin samanı kağız, şlyapalar, kisələr, səbətlər, sandallar və başqa hörmə əşyaların hazırlanmasında işlədilir.

Çəltiyin vətəni Asiyadır. Görünür, ilk dəfə onu hazırki Çinin cənubi-şərq hissəsində becərməyə başlamışlar. Bu yer Hindoçin yarımadasının şərq sahillərində, Qanq və Baramaputra çaylarının vadilərində yerləşir. Çəltik haqqında məlumatlara bizim eradan 5 min il əvvəl Çin yazılarında rast gəlinmişdir. Orada göstərilir ki, çəltiyin səpilməsinə yalnız Çinin İmperatoru qadir idi, az dəyərli vacib bitkilərin becərilməsinə yalnız onun ailə üzvlərinin ixtiyarı çatırdı. Məşhur Kaplend yazırdı ki, çəltiyin vətəni Asiyadır. O, qeyd edirdi ki, Çin və başqa Asiyanın cənubi-şərq xalqlarının dilində «əkinçilik», «çəltik» və ya «qida» və «çəltik» sinonimlərdir. Buna görə alim belə nəticəyə gəlir ki, yer kürəsinin məhz bu hissəsində çəltiyi becərməyə başlamışlar. Tsz-İnə görə çəltiyin suvarılması Çinin ədəbiyyat mənbələrində – «şeirlər kitabı»nda tapılmışdır. O, hesab edir ki, bu kitab Ccou-nun dinastiyası vaxtı bizim eraya qədər 781- 771-ci illərdə yazılmışdır. Çəltik İndoneziyaya Malaziyadan 1500 il bizim eraya qədər gələn emiqrant insanlar tərəfindən gətirilmişdir. Seylonda (bizim eraya qədər 543-cü ildə çəltiyin quru şəraitdə əkilməsi göstərilir) çəltiyi sulamaq üçün su hövzəsinin tikilməsi bizim eraya qədər 420-ci ildə göstərilmişdir. Maraqlıdır ki, həmin su saxlanılan hövzələrin çoxu bərpa edilərək hal-hazırda da istifadə olunur. 

Filippinin dağ rayonlarında su saxlayan bəndlərin mövcud olması və oraya çəltiyin Cənubi Koreyadan gətirilməsi haqda məlumat bizim eraya qədər 2000-ci ilə aid edilir. 

Çəltiyin ilk dəfə Asiya ölkələrində becərilməsi (Cənubi- Şərqi Asiya, İndoneziya, Çin) onun bu ölkələrdə küllü miqdarda növ müxtəlifliyinin olması ilə izah edilir. Hindistanın bütün ilahi yazılarında çəltiyin adı çəkilir. Çəltiyə dini münasibətlər Asiya ölkələrində minillərlə davam etmişdir, bu vəziyyət hal-hazırda Borneo və Yavada davam edir. Çəltik 2000 metr hündürlükdəki (Himalayda) sahələrdə əkilib becərilir. Qərbi Asiyada, Afrikada (Misirdə) və Cənubi Avropada (Yunanıstan və Roma) çəltiyin becərilməsinə bir qədər sonra başlanmışdır. 

Çəltiyin Yer kürəsində hal-hazırki əkin sahəsi 125 mln. hektara, ümumi məhsulu 256 mln. tona, orta məhsuldarlığı 20,5 sen/ha-ya bərabərdir. Çəltiyin ən böyük sahəsi Hindistandadır (Asiya ölkələrinin 30%-i), ümumi məhsulu 58,1 mln. ton – ümumdünya istehsalının 22%-i qədərdir. Bu ölkənin rəqəmlərinə Çin çox yaxındır, sonra isə Pakistan gəlir. 

Keçmiş SSRİ-də çəltiyin sahəsi 1985-ci ildə 190 min hektar olmuş, ümumi məhsul istehsalı 470 min ton təşkil etmişdir. Çəltik əsasən Özbəkistan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Şimali Qafqaz (Krasnodar ölkəsi) Azərbaycan, Cənubi Ukrayna və Uzaq Şərqdə əkilib becərilmişdir.

Becərilən çəltik birillik ot bitkisi olaraq taxıllar (Gramineve) ailəsinə tarla çəltiyi növünə (Oruza Sativa) aiddir. 
Çəltiyin kök sistemi suvarma şəraitində kök boğazından ayrılaraq yayılan, budaqlanmayan skelet köklərdən ibarətdir. Köklərin daxilində çoxlu miqdarda hava boruları (aerenxima) ilə açılmış boşluqlar vardır, əmici telləri yoxdur. Çəltik bitkisi həmin aerenximalar vasitəsilə suyun oksigenindən istifadə edərək su altında tənəffüs edir. Bəzən suyun altında əlavə köklər əmələ gəlir. Kök sisteminin çəkisi qida reciminin yaxşılaşması ilə artır. Köklər əvvəlcə yanlara, sonra isə aşağıya doğru böyüyürlər (20 sm.ə qədər). Susuz torpaqlarda çəltik daha güclü kök sistemi əmələ gətirir. Kök sistemi 3-4 kökdən ibarət olaraq 1,5 metrə qədər dərinliyə işləyir, bunlar güclü budaqlanırlar və əmici tellərlə örtülürlər. 
Çəltiyin yarpağı – xətli formalıdır, gövdəsi başqa taxıllar kimi samandır və 12-14 ədəd arakəsmədən - buğumdan və buğumarasından ibarətdir. Çiçək qrupu süpürgədir. Süpürgədə 1-ci, 2-ci, 3-cü dərəcəli budaqlar olur. Bir süpürgədə 200-ə qədər sünbülcük olur. Sünbülcüklər bir çiçəklidir. Süpürgələr budaqlanma xüsusiyyətlərindən asılı olaraq sıx və ya seyrək, bərk və ya yumşaq halda olur. Çəltiyin çiçəyi iki çiçək pərdəsindən, 6 erkəkcikdən və 1 dişicikdən ibarətdir. Dişiciyin 2 ağızcığı vardır. Çəltiyin çiçəkləməsi süpürgə görünən kimi başlayır və günün 1-ci yarısında açılmaqla 2-3 sutka davam edir. 

Çəltik (Oruza Sativa) dənin uzunluğuna görə 2 yarım növə ayrılır: 1) adi çəltik – dənin uzunluğu 6 mm-ə qədər; 2) gödək dənli – dənin uzunluğu 4 mm. Mədəni əkinçilikdə hər iki yarım növ - adi və gödək dənli çəltiklər geniş yayılmışdır. Gödək dənli düyü əsasən Hindistanda, İndoneziyada, Filippin adalarında və başqa ölkələrdə yayılmışdır. Becərilən çəltiyin ən çox yayılan sortları birinci yarım növə aiddir. Bunun da 150 növ müxtəlifliliyi vardır. Bu yarımnöv öz növbəsində iki qola ayrılır: Hindistan (indika) – dəni nazik və uzundur (dənin uzunluğu 3-3,5 dəfə enindən çoxdur); Yaponiya (yaponica), bunun dəni enlidir (qalındır), yoğundur, uzunluğunun eninə nisbəti 1,4:1-dir. Qərbi Afrikada yabanı düyünün cəngəllikləri vardır, ancaq bu yeməli deyil.

cavab verib 14 Fevral - anonim
Düyünün bioloji xüsusiyyətləri nədir?
...