• Qeydiyyat

Arpa nədir?

Arpa necə istifadə olunur və əhəmiyyəti nədədir?
soruşub 14 Fevral - anonim

1 Cavab

0 интересует 0 не интересует

Arpa çoxtərəfli istifadə olunan bitkidir. Ondan arpa yarması hazırlanır, kofe və çörək bişirilməsində istifadə olunur. Kənd təsərrüfatı heyvanları, xüsusən, donuz və quşçuluq üçün qidalı yem hesab olunur (100 kq. arpa dəni 120 yem vahidinə bərabərdir). Arpa sənayenin spirt hazırlama, konditer və pivə bişirmə sahələrində xammal kimi istifadə olunur. Arpa vələmirin əvəzinə atlara yem kimi verilir. Arpanı yarma halında iribuynuzlu malların yemlənməsində istifadə edirlər. Çinin və Yaponiyanın çox soyuq şimal rayonlarında, çəltik səpilə bilmədiyinə görə, payızlıq arpadan geniş istifadə edilir. Arpa dəninin tərkibində 12% zülal, 2,1% yağlar, 5,5% oduncaq, 2,8% kül maddələri, 64,5% azotsuz ekstrativ maddələr vardır. Arpanın samanı buğla yumşaldıldıqdan sonra malların yemlənməsində istifadə edilir. Arpa yaşıl halda heyvanlara verilir, sünbülləri yetişməmiş halda biçildikdə senac hazırlanmasında istifadə olunur. Arpadan yaşıl yem kimi istifadə etmək məqsədilə onu paxlalı bitkilərlə birlikdə səpirlər.

Arpa bitkisi Hordeum cinsinə mənsubdur, onun mədəni Hordeum sativum və 26 yabanı növü vardır. Respublikamızda arpanın yabanı növlərinə xam və dincə qoyulmuş sahələrdə alaq otu kimi rast gəlinir. N.İ.Vavilov və F.X.Baxteyev mədəni arpanı üç növə ayırmışlar: H.Vulqare L. - adi arpa; H. humile - alçaqboylu arpa; H. aethiopicum – həbəş arpası.

Aqronomluq praktikasında arpanın bütün növləri sünbüllərinin formasına görə iki cərgəli və çoxcərgəli arpalara bölünür. İki cərgəli arpanın sünbüllərində sünbüllüklər iki cərgədə yerləşərək qabıqlı və çılpaqdənli olurlar. Çoxcərgəli arpa da iki qrupa – altı cərgəli sıx sünbüllü hər iki tərəfdən üç cərgə sünbülcüklər və dördtərəfli zəif sıxlıqda (nisbətən yumşaq) sünbüllə və iki ensiz və iki enli tərəfli sünbülə – bölünür. Çoxcərgəli arpa da, həmçinin qabıqlı və çılpaqdənli olurlar.

Mədəni arpa birillik ot bitkisidir. Payızlıq və yazlıq formaları vardır. Gövdəsi silindrik formada olub içi boşdur, 2,5-dən 4 mm.-dək diametrdə, 30-dan 135 sm.-dək hündürlükdə olur, buğum aralarına bölünmüşdür, onlar yuxarı tərəfə qalxdıqca uzanır, aşağıya gödəlirlər, buğumlar 5-7 ədəd olur. Hər buğumda yarpaq saplağı yerləşir. Gövdə yetişəndə sarı və ya antosianlı (bənövşəyi, al-qırmızı) rəngə boyanır. Yarpaqlar gövdənin hər tərəfində növbə ilə yerləşirlər. Yarpağın saplağı gövdə buğumlarına birləşərək onu bütün buğumarası boyu əhatə edir – içərisinə alır. Yarpaq plastinkasının eni və uzunu çox dəyişkən olur: ən çox enli yarpaqlar çoxcərgəli arpalarda olur. Yarpağın gövdəyə birləşən hissəsində gödək dilciklər vardır, bunlar gövdəni hər tərəfdən əhatə edərək saplaqların ona bərk yapışmasına kömək edir.

Gövdə, yarpaq saplağı və plastinkası hərdən tüklə örtülü olur. Bitkilərin yarpaqlılığının ondan yaşıl yem kimi istifadə edilməsində böyük əhəmiyyəti vardır. Arpanın generativ orqanı – çiçək qrupu sünbüldür. O, sünbül oxundan və həmin oxun ətrafındakı pillələrdə yerləşən sünbülcükdən ibarətdir. Hər pillədə bir sünbülcük yerləşir. Sünbül oxu mədəni arpada nisbətən möhkəmdir, yabanı formalarda isə zəifdir və dən yetişən zaman qırılaraq ayrı-ayrı sünbülcüklərə parçalanır. Arpada sünbülcüklər bir çiçəklidir. Oxun ətrafındakı pillələrdə yerləşən sünbülcüklərin sayına görə də iki, çox və qarışıq cərgəli olması müəyyən edilir. Çiçəklər iki cinslidir, hər çiçəkdə üç erkəkcik və bir dişicik olur. Dişiciyə və erkəkciklərə iki plyenka, iki çiçək pulcuğu (içəridən və çöldən) və iki sünbül pulcuğu yapışır – birləşir. Sünbül pulcuğu ensiz, əksər hallarda tüklüdür, bəzən də tüksüz ola bilir. Çiçək pulcuqları qabıqlı sortlarda dənciklə birləşmişdir, çılpaq dənlilərdə isə birləşməmişdir – sərbəstdir.

Arpanın kökü saçaqlıdır. Başqa taxıllarda olduğu, o, əsas (rüşeym) və əlavə köklərdən ibarətdir. Toxum cücərən kimi əmələ gəlməkdə olan əsas kökcüklər görünürlər. Arpa adətən 4-7 (rüşeym kökcüləri ilə), bəzən isə daha çox (buğda və covdarda üç) rüşeyim kökcükləri ilə cücərir. Rüşeym köklərinin sayı sabit əlamət deyildir, ikinci dərəcəli köklər gövdənin yeraltı buğumlarından yaranır və əsas köklərdən fərqli olaraq güclü kök sisteminin yaranmasına səbəb olur.

cavab verib 14 Fevral - anonim
Arpa necə becərilir?
...